Sumqayıt şəhər İcra Hakimiyyətində könüllü gənclərlə mühüm bir görüş keçirilib. Bu tədbir, şəhərin inkişafına və ictimai həyatına töhfə verən gənclərin rolunu vurğulamaq məqsədi daşıyırdı. Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, İcra hakimiyyətinin məsul şəxsləri, şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev və müxtəlif könüllü gənclər iştirak etdilər.
Görüşün əsas məqsədi, şəhər bulvarı da daxil olmaqla, mərkəzi küçə və prospektlərdə təhlükəsizliyin təmin olunması, polisə dəstək və yol hərəkəti qaydalarına əməl olunması və təmizlik sahələrində gənclərin fəal iştirakını təmin etmək idi. Bu çərçivədə, gənclərin qruplar halında sakinləri maarifləndirməsi planlaşdırılır.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, gənclərlə bir araya gəlməkdən məmnun olduğunu ifadə edərək, Sumqayıt şəhərinin son illərdəki inkişafından danışdı. O, qeyd etdi ki, Sumqayıtda həyata keçirilən hər bir uğurlu layihə şəhərin inkişafına və insanların rahat yaşamasına xidmət edir. Bu işdə hər kəs kimi gənclərin də rolu əvəzolunmazdır.
Bundan əlavə diqqətə çatdırılıb ki, Statistik təhlillərə əsasən, son dövrlərdə Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti piyadaların yol hərəkəti qaydalarını pozması – xüsusilə də yol keçidlərindən düzgün istifadə etməməsi ilə bağlıdır. Məhz bu səbəbdən də maarifləndirmə kampaniyasının əsas hədəfi piyadalar arasında davranış qaydalarının təbliği və yol hərəkəti mədəniyyətinin formalaşdırılmasıdır.
Şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev isə könüllü gənclərin polisə dəstək işində göstərdiyi fəallığı yüksək qiymətləndib və hər birinə uğurlar arzulayıb.
Görüşdə iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, gənclərin fəaliyyətinə dair iş planını təqdim etdi və bu işdə şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin də gənclərlə bərabər çalışacağını vurğuladı.
Görüş zamanı gənclərlə qarşılıqlı fikir mübadiləsi aparıldı. Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərova, bu sahədə şəhərdə görülməsi vacib olan işlərlə bağlı xüsusi tapşırıqlar verdi. Eləcədə, Sumqayıt şəhərində bu işdə fəallıq və əzimkarlıq göstərən hər bir gəncin qiymətləndiriləcəyini də diqqətə çatdırdı.
Məlumat üçün bildirək ki, bu təşəbbüs yol hərəkəti iştirakçıları arasında təhlükəsizliyin təmin olunması və vətəndaş məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.