Azərbaycan tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ölkənin bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da ümumrayon tədbiri keçirilib. Müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın təməl daşlarından biri hesab edilən bu əlamətdar gün münasibətilə təşkil olunan tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və müxtəlif dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Abşeron rayonunun mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə olunub. Bu mərasim, təkcə rəmzi bir addım deyil, həm də xalqımızın xilaskarı olan liderə mənəvi borcunun ifadəsi kimi qəbul edilir.
Ziyarətdən sonra tədbir Abşeron rayon Heydər Əliyev Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlanan tədbirdə millətimizin taleyində həlledici rol oynamış bu tarixi günün mahiyyəti geniş şəkildə iştirakçıların diqqətinə çatdırılıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə geniş çıxış edərək bildirib ki, 1993-cü ilin iyun ayında Azərbaycan çox çətin və ziddiyyətli bir dövr yaşayırdı. Daxili çəkişmələr, iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi ölkənin mövcudluğunu sual altına alırdı. Məhz belə bir dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə Azərbaycanı xaosdan xilas edərək sabitlik və inkişaf yoluna çıxardı.
“Əgər 15 iyun 1993-cü ildə Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən danışmaq mümkün olmayacaqdı. O, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi,” – deyə Abdin Fərzəliyev çıxışında vurğulayıb.
Tədbirdə daha sonra Abşeron-Xızı Regional Maliyyə İdarəsinin rəisi Bəhruz Məmmədov, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi və şəhid anası Ceyran Həsənova çıxış ediblər. Onlar öz çıxışlarında Ulu Öndərin xilaskarlıq missiyasından, dərin dövlətçilik zəkasından və müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələrdən danışıblar.
Qeyd edib ki, "Heydər Əliyev təkcə bir lider deyil, həm də Azərbaycan dövlətinin memarıdır. Onun siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir Azərbaycan dövlətçiliyinin bütün uğurlarının təməlində məhz 15 iyun 1993-cü ildən başlayan dönüş dayanır."
"Bu gün biz Ulu Öndərin yaratdığı güclü dövlətin arxasında dururuq. Onun ideyaları bu gün şəhidlərimizin müqəddəs xatirəsini yaşadır, qazilərimizin sosial müdafiəsini təmin edir."
Tədbirin sonunda çıxış edənlər qeyd ediblər ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının öz taleyinə sahib çıxdığı, dövlətçilik iradəsini ortaya qoyduğu tarixi gündür. Bu gün təkcə bir tarix deyil, həm də bir başlanğıcdır – iqtisadi, siyasi və sosial inkişafın, güclü dövlətin təməl tarixidir.
Məhz həmin gündən etibarən Azərbaycanda hüquqi dövlət quruculuğunun əsası qoyuldu, ordu quruculuğu və beynəlxalq aləmdə dövlətimizin mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ölkə vətəndaşları sabitlik, əmin-amanlıq və inkişaf şəraitində yaşamaq imkanına qovuşdu.
Bu gün Azərbaycan regionun lider dövləti, beynəlxalq layihələrin aparıcı tərəfdaşı kimi çıxış edirsə, bu, məhz 15 İyunda təməli qoyulan qurtuluş missiyasının nəticəsidir. Ulu Öndərin ideyaları bu gün də yaşayır və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.