Sumqayıt şəhərində ictimai iştirakçılığın gücləndirilməsi, sakinlərin yerli idarəetmədə söz sahibi olması istiqamətində mühüm addım atılıb.
Den.az xəbər verir ki, Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov şəhər sakinləri ilə növbəti açıq formatlı qəbul keçirib.
Görüş vətəndaşların problemlərinin dinlənilməsi və onların həllinə yönəlik konkret addımların atılması ilə yadda qalıb.
Görüşdə şəhər sakinləri fərdi müraciətlərlə çıxış edərək yaşadıqları məhəllələrdə mövcud olan sosial və infrastruktur problemlərini, həmçinin təklif və təşəbbüslərini birbaşa bələdiyyə rəhbərliyinə çatdırıblar. Qaldırılan məsələlər əsasən məhəllədaxili yolların təmiri, abadlıq və yaşıllaşdırma işlərinin gücləndirilməsi, uşaq meydançalarının salınması, məişət tullantılarının vaxtında daşınması və digər aktual sahələri əhatə edib.
Sakinlərlə görüş zamanı Bələdiyyə sədri Adil Xudadatov bildirib ki, belə görüşlər Sumqayıt Bələdiyyəsinin insan yönümlü və şəffaf idarəçilik prinsipinə əsaslandığını bir daha göstərir:
Sakinlərin fikirləri bizim üçün çox önəmlidir və onların hər bir təklifi gələcək planlamalarda nəzərə alınacaq. Bu, nəticəyə hesablanmış yeni bir yanaşmadır.”
Görüş zamanı səsləndirilən bəzi problemlərin dərhal həll olunması məqsədilə konkret tapşırıqlar verilib.
Şəhər sakinləri görüşdən məmnun qaldıqlarını bildiriblər. Onların sözlərinə görə, belə görüşlər bir tərəfdən sakinlərin səsini birbaşa qərarvericilərə çatdırır, digər tərəfdən isə yerli problemlərin həllini sürətləndirir.
Xüsusilə vurğulayaq ki, Sumqayıt Bələdiyyəsinin bu cür addımları şəhərdə bələdiyyə və vətəndaş arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Artıq hər bir sakinin fikri eşidilir, hər bir təklif gələcəyin planlamasında nəzərə alınır. Bu isə Sumqayıtın daha yaşanılan, müasir və dayanıqlı şəhərə çevrilməsi istiqamətində əhəmiyyətli rol oynayır.
Nizami Rəsulov
Den.az