23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Abşeron rayonunda tədbir keçirilib. Dövlət idarəçiliyində çalışan fədakar insanların əməyinin qiymətləndirildiyi bu əlamətdar gün münasibətilə keçirilən mərasim rayon ictimaiyyəti üçün xüsusi önəm daşıyıb.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, dövlət qulluqçuları və digər rəsmi şəxslər iştirak ediblər. Peşə bayramı çərçivəsində ilk olaraq iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Onun xatirəsi ehtiramla yad edilib, abidəsinin önünə tər güllər düzülüb və ruhuna dualar oxunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, dövlət qulluğu cəmiyyətin idarə olunmasında xüsusi rol oynayan, ölkənin sosial-iqtisadi inkişafına töhfə verən ən vacib sahələrdən biridir. O, qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin artırılmasına, peşəkarlığın yüksəldilməsinə və şəffaf idarəetmə sisteminin formalaşmasına xidmət edir.
İcra başçısı dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət qulluqçularının vəzifə borclarını vicdanla yerinə yetirmələrinin ölkənin davamlı inkişafında əvəzsiz rol oynadığını vurğulayıb. Eləcədə, dövlət qulluğunun cəmiyyət üçün əhəmiyyətindən, onların fəaliyyətində etik dəyərlərə, qanunçuluğa və vətəndaş məmnunluğuna verdikləri önəmdən bəhs edib. Dövlət qulluğunda çalışan hər kəsi bu yüksək etimadı doğrultmağa çağırıb.
Qeyd edək ki, 23 iyun ölkəmizdə 2003-cü ildən etibarən Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur. Bu gün dövlətə, xalqa xidmət edən insanların əməyi dövlət səviyyəsində qiymətləndirilir və bu, dövlət qulluğunun nüfuzunun daha da yüksəlməsinə səbəb olur.