Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir unudulmaz anlarla yadda qalıb.
DenMedia.az xəbər verir ki, tədbir zamanı Vətən uğrunda canından keçən şəhidlərdən, onların qəhrəmanlığından danışılarkən azyaşlı məktəbli qızın duyğularına hakim ola bilməyərək hönkür-hönkür ağlaması iştirakçıları qəhərə boğub.
Şəhidlərin xatirəsini ehtiramla yad edən balaca məktəblinin səmimi göz yaşları zalda dərin sükut yaradıb. Məktəb rəhbərliyi və şəhid ailələrinin üzvləri onu qucaqlayaraq, öpüb, təsəlli verməyə çalışıblar.
Bu təsirli məqam bir daha göstərib ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi xalqımızın, xüsusən də gənc nəsilin qəlbində əbədi yaşayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ellada Rəsul
DenMedia.az