Bakı–Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində piyada təhlükəsizliyi ilə bağlı ciddi narazılıq yaranıb.
DenMedia.az xəbər verir ki, bu barədə DenazTv-yə şikayət edən sakinlər bildirirlər ki, magistral yol üzərində piyada zolağı olsa da, sürücülər çox vaxt piyadalara yol vermir. Bu isə xüsusilə səhər və axşam saatlarında insanların yolu keçməsini son dərəcə təhlükəli edir.
Sakinlərin sözlərinə görə, yoldan hər gün məktəblilər, yaşlılar və işə tələsən insanlar istifadə edir. Lakin sürət həddi yüksək olduğundan, piyada zolağı faktiki olaraq təhlükəsiz keçid funksiyasını daşımır. Buna görə əhalinin əsas tələbi yerüstü piyada keçidinin quraşdırılması və ya ən azı əllə idarə olunan işıqforun həmin nöqtəyə yerləşdirilməsidir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan DenazTV-yə verilən məlumata görə, sözügedən ərazidən Agentliyə indiyədək heç bir rəsmi müraciət daxil olmayıb. Bildirilib ki, yerüstü keçidin quraşdırılması ilə bağlı rəsmi müraciət daxil olarsa, məsələ araşdırıla və layihələndirmə işlərinə baxıla bilər.
Əllə idarə olunan işıqfor tələbi ilə Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, məsələ araşdırılacaq.
Hazırda Ceyranbatan sakinləri problemin tezliklə həllini gözləyir və yolun həmin hissəsində piyada təhlükəsizliyinin təmin edilməsini tələb edirlər.

