Ərazidə piyada keçidini bildirən nişan olsa da, yerüstü zolaqlar uzun müddətdir bərpa olunmadığından silinib və sürücülər tərəfindən görünmür. Bu isə kənd sakinlərinin, xüsusilə məktəblilərin və uşaq bağçalarına gedən körpələrin həyatı üçün ciddi təhlükə yaradır.
Den.az xəbər verir ki, söhbət Abşeron rayonun Goradil kəndinin Heydər Əliyev Prospekti 127 ünvanından gedir. Hazırda sözü geden yolda piyadalar üçün nəzərdə tutulan piyada keçidi tamamilə sıradan çıxıb. Sakinlər bildirilər ki, məktəbə və bağçaya gedən uşaqlar, eləcə də yaxınlıqdakı icra nümayəndəliyinə və bələdiyyəyə gələn sakinlər avtomobil yolundan keçərkən ciddi təhlükə ilə üz-üzə qalırlar. Sürücülər yolun bu hissəsində sürət həddinə əməl etmir və piyada keçidinin görünməməsi vəziyyəti daha da təhlükəli edir.
Qeyd edək ki, piyada keçidləri təkcə nişanla deyil, zolaqla da mütləq işarələnməlidir. Bu, sürücülərə əlavə vizual xəbərdarlıq rolunu oynayır və sürəti azaltmağa məcbur edir. Xüsusilə məktəblərin, uşaq bağçalarının və yaşayış sahələrinin yaxınlığında bu cür tədbirlər ikiqat əhəmiyyət daşıyır. AYNA-dan DenazTv-yə bildirilib ki, hazırda region üzrə piyada zolaqlarının yenilənməsi işləri həyata keçirilir. Abşeron rayonun Goradil kəndində sözü gedən ünvanda piyada zolaqlarının təzələnməsi isə tədbirlər planında yer alıb və çox qısa vaxt ərzində rənglənəcək. Bununlada sakinlərin haqlı şikayətləri tam aradan qaldırılacaq.
Görədil kəndinin sakinləri tələb edirlər ki, təcili olaraq ərazidə piyada zolaqları yenidən çəkilsin, əlavə xəbərdarlıq lövhələri qoyulsun və yol polisi tərəfindən sürətə nəzarət gücləndirilsin. Əks halda, bu vəziyyət istənilməyən ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnə bilər.