Quba şəhərində piyada təhlükəsizliyi ilə bağlı ciddi problem yaşanır. Şəhərin bir çox küçə və prospektlərində piyada keçidləri formal olaraq mövcud olsa da, faktiki olaraq “yox kimidir”. Zamanla rəngi silinmiş piyada zolaqları və görünməyən yol nişanları həm piyadalar, həm də sürücülər üçün real təhlükə yaradır. Müşahidələr göstərir ki, xüsusilə yaşayış massivlərinə, məktəb və ticarət obyektlərinə yaxın ərazilərdə piyada zolaqları demək olar seçilmir. Bu isə yol hərəkəti qaydalarına əməl etmək istəyən sürücüləri də çətin vəziyyətdə qoyur. Nəticədə qəza riski artır, piyadaların yolu təhlükəsiz keçməsi isə şansa qalır.
Qubada yaşayan sakinlər Denmedia.az bildirib ki, problem yeni deyil və uzun müddətdir aradan qaldırılmır.
Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, nəticə yoxdur.
“Piyada zolaqları var, amma görünmür. Xüsusilə axşam saatlarında yol keçmək çox təhlükəlidir. Uşaqlar, yaşlılar üçün vəziyyət daha da risklidir.”
Problemdən sürücülər də narazıdır. Onlar deyirlər ki, zolaqların silinməsi sürücülərin məsuliyyətini azaltmır, əksinə vəziyyəti daha da çətinləşdirir.
“Zolaq görünməyəndə harada dayanmalı olduğumuzu dəqiq bilmirik. Bu da istər-istəməz təhlükəli vəziyyət yaradır.”
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucovdan mövqe öyrənməyə çalışsaq da, sorğularımız cavabsız qaldı. Aidiyyəti qurumun susqunluğu isə ictimai narazılığı daha da artırır.
Qeyd edək ki, piyada zolaqları və yol nişanları yol hərəkəti təhlükəsizliyinin əsas elementlərindən biridir. Onların baxımsız vəziyyətdə qalması və yenilənməməsi təkcə texniki məsələ deyil, birbaşa insan həyatına təsir edən ciddi problemdir.
Quba şəhərində bu sahədə təcili tədbirlərin görülməsinə, piyada zolaqlarının yenilənməsinə və yol nişanlarının bərpa olunmasına ciddi ehtiyac var. Əks halda, görünməyən zolaqlar görünən faciələrə yol aça bilər.
Nüşabə Baxşıyeva
Denmedia.az

