Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və qəza yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
Denmedia.az report-a istinadən xəbər verir ki, qərar Bakı Apellyasiya Məhkəməsində qəbul olunub.
“Arzum” ləqəbi ilə tanınan İlduzə Hacıyeva daha əvvəl Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə zalında həbs olunmuşdu.
Hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
İttihama görə, İlduzə Hacıyeva qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.
O, Cinayət Məcəlləsinin 263.2-ci — yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ölümlə nəticələndikdə və 264-cü — yol-nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə ittiham olunur.
Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.
Xatırladaq ki, 20 gün əvvəl avtoqəza ilə bağlı həbs edilən və sosial şəbəkələrdə “Arzum 9999” adı ilə tanınan İlduzə Hacıyevanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün başlayıb.
O, konvoyun müşayiəti ilə Bakı İstintaq Təcridxanasından məhkəmə binasına gətirilmişdi. Yaxınları da məhkəmə binasına gələrək qərarı gözləyirdilər.

