Bakının Nəsimi rayonunda, Füzuli küçəsində skuter və velosiped sürücülərinin yol hərəkəti qaydalarını pozması qeydə alınıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bəzi sürücülər ictimai nəqliyyat üçün ayrılmış zolaqla, eləcə də avtomobillərin hərəkət istiqamətinin əksinə hərəkət edərək qəza vəziyyəti yaradıblar.
Mərkəz xatırladıb ki, “Yol hərəkəti haqqında” qanunun 46-1-ci maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin parklarda, həyətlərdə, yaşayış zonalarında və velosiped yollarında hərəkətinə icazə verilir.
Belə nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında isə yalnız ən sağ zolaqla, yol nişanları və nişanlanma xətlərinin tələblərinə əməl etməklə hərəkət edə bilər.
Ən sağ zolaqdan başqa digər zolaqlarla hərəkət qadağandır. Velosiped yolu olan ərazilərdə isə onun yanındakı avtomobil yolu ilə hərəkət etməyə icazə verilmir.
“Yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq və qaydalara əməl etmək lazımdır. Əks halda yol-nəqliyyat hadisələri və onların ağır nəticələri qaçılmaz ola bilər”, – açıqlamada vurğulanıb.

