Azərbaycan vətəndaşı Ədalət Mustafayev Qazaxıstandan Azərbaycana ekstradisiya edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, ekstradisiya barədə qərar Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Qazaxıstan Baş Prokurorluğu tərəfindən qəbul olunub.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsində aparılan ibtidai istintaq zamanı Ədalət Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub. Ədalət Mustafayev istintaqdan yayınaraq gizləndiyi üçün beynəlxalq axtarışa verilib.
O, Qazaxıstan ərazisində saxlanılıb və daha sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Baş Prokurorluq bildirib ki, beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə əməkdaşlıq davam etdiriləcək.

