Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin doğum günüdür.
Çingiz Mustafayev 29 avqust 1960-cı ildə Rusiyanın Həştərxan vilayətində anadan olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. 1983-cü ildə Azərbaycan Tibb Universitetini bitirib.
Qarabağda döyüşlərin başlamasından sonra Çingiz Mustafayev bütün fəaliyyətini hərbi jurnalistikaya həsr edib. 1991-ci ildə Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlayıb.
Onun Azərbaycanın həmin dövrdə üzləşdiyi informasiya blokadasını yarmağa xidmət edən reportajları aparıcı Qərb informasiya agentlikləri və televiziya kanalları tərəfindən yayımlanıb.
Dövlət televiziyasında mövcud olan senzura şəraitində Çingiz Mustafayev “215 KL” studiyasını yaradaraq Azərbaycan televiziya məkanına yeni nəfəs gətirib. “215 KL təqdim edir”, “Heç kim unudulmayacaq”, “Üz-üzə” kimi verilişləri ona böyük tamaşaçı rəğbəti qazandırıb.

Çingiz Mustafayev həyatı üçün real təhlükə olmasına baxmayaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımının nəticələrini lentə alıb və bu dəhşətli hadisələrin görüntülərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb.
1992-ci il iyunun 15-də Qarabağda gedən ağır döyüşlər zamanı Azərbaycan Ordusunun hücumunu lentə almağa çalışarkən mina qəlpəsindən ağır yaralanıb və həlak olub. Onun kamerası həmin anda da çəkilişi davam etdirib.
Çingiz Mustafayev Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
1993-cü ildə ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

