Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə nikaha daxil edilməsinin qarşısı alınıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan qızın toyunun 20 sentyabrda keçirilməsi planlaşdırılıb. Evlənməyə razı olmayan 17 yaşlı qız kömək istəmək qərarına gəlib və evdən qaçıb.
Kəmalə Ağazadənin bildirdiyinə görə, qızın valideynləri cehiz almaq üçün “Sədərək” Ticarət Mərkəzinə gedərkən o, onların evdə olmamasından istifadə edib. Yeniyetmə taksiyə minərək sürücüdən onu sığınacağa aparmasını xahiş edib.
Qız yol pulunun olmadığını sürücüyə əvvəlcədən bildirib və səfər haqqının getdikləri sığınacağın rəhbərliyi tərəfindən ödəniləcəyini deyib.
Taksi sürücüsü qıza kömək etməyə razılaşıb və onu göstərilən ünvana çatdırıb. Bununla da yeniyetmənin məcburi nikaha daxil edilməsinin qarşısı alınıb.
Toy mərasimi ləğv edilib. Hazırda 17 yaşlı qız təşkilatın himayəsi altındadır.

