Abşeron rayonunun Novxanı kəndi, Şıxəli Qurbanov küçəsində yaşayan Samirə Yusifova qaz sayğacında yaranan borcla bağlı narazılığını bildirib.
Sakin Denmedia.az-a şikayətində iddia edir ki, ailə aylar ərzində istifadə etdiyi qazın ödənişlərini mütəmadi şəkildə həyata keçirib. Onun sözlərinə görə, smart kart sistemindən istifadə etdikləri halda sonradan məlum olub ki, sistemdə texniki problem yaranıb və nəticədə istifadə etmədikləri qaz üçün də əlavə borc hesablanıb.
Samirə Yusifovanın sözlərinə görə, 1 il bundan əvvəl ailəyə əvvəlcədən məlumat verilmədən qaz sayğacı dəyişdirilib və mexaniki sayğac quraşdırılıb. Yeni sayğacın isə yaşadıqları evdən uzaqda yerləşdirilməsi onlara əlavə çətinlik yaradıb.
Məsələ ilə bağlı Abşeron Qaz İstismar Sahəsindən bildirilib ki, problemdən məlumatlıdırlar. Vətəndaşın müraciətinə baxılıb və məsələ ilə bağlı Azəriqaza rəsmi məktub göndərilib. Qaz İstismar Sahəsindən verilən məlumata görə, vətəndaşın hesabında yaranmış əlavə borcun araşdırılaraq qısa müddət ərzində silinəcəyinin təmin ediləcəyi bildirilib.
Sakin isə problemin tezliklə həll olunmasını və istifadə etmədikləri qaz üçün hesablanan borcun tamamilə silinməsini gözləyir.
Nizami Rəsulov

