Ölmüş heyvanlar yandırılır. Xəstəlik yayılmasın deyə təsərrüafat sahibi belə bir addım atıb.
Denmedia.az xəbər verir ki, Abşeron rayonun Qobu qəsəbəsində vətəndaşa məxsus təsərrüafatda 3 gün ərzində 120 baş xırdabuynuzlu heyvandan 40-ı tələf olub.
Belə ki, Abşeron Rayonunda vətəndaşa məxsus təsərrüfatda baş verən kütləvi heyvan tələfatı ciddi narahatlıq yaradıb.
Zərərçəkmiş vətəndaşlar hadisənin səbəbi kimi baytar həkimlər tərəfindən tətbiq olunan müalicə tədbirlərini göstərirlər. Onların iddiasına görə, hər il profilaktik məqsədlə istifadə edilən dərman və iynələr bu dəfə səhv tətbiq olunub və nəticədə heyvanların ölümü baş verib. Sakinlərin sözlərinə görə, xüsusilə diqqət çəkən məqam odur ki, yalnız iynə vurulan heyvanlar tələf olub. Bu isə təsərrüfat sahiblərində ciddi şübhə yaradıb.
Məsələ ilə bağlı açıqlama verən baytarlıq xidmətinin nümayəndəsi isə səsləndirilən ittihamları qəbul etmədiklərini bildirib. Onun sözlərinə görə, artıq hadisə ilə bağlı müayinələr aparılıb və laborator analiz üçün nümunələr götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır. Heyvanların hansı səbəbdən tələf olduğu , xəstəlik, dərman reaksiyası və ya digər amillərin rol oynadığı, laborator nəticələrdən sonra dəqiqləşəcək.
Ellada Rəsul
Denmedia.az

