Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar reyslərinin sayı artırılacaq. Yeni qrafikə əsasən, hər gün ümumilikdə 4 reys həyata keçiriləcək.
Bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin (ADY) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əlavə reyslərin istifadəyə verilməsi sərnişinlərə həm gündüz, həm də gecə saatlarında səyahət etmək imkanı yaradacaq.
Yeni hərəkət cədvəlinə əsasən:
Hazırda fəaliyyət göstərən qatar Bakıdan saat 23:00-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə qatar Tbilisidən saat 11:00-da çıxaraq 20:26-da Bakıya gələcək.
Yeni gündüz reysi Bakıdan saat 09:10-da hərəkət edəcək və 19:11-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 22:00-da yola düşərək növbəti gün 07:57-də Bakıya gələcək.
Bilet qiymətləri də açıqlanıb. Yeni reyslərdə bir istiqamət üzrə minimum gediş haqqı aşağıdakı kimi olacaq:
-
Bakıdan – 54 manat
-
Yevlaxdan – 44 manat
-
Gəncədən – 41 manat
-
Ağstafadan – 38 manat
-
Böyük Kəsikdən – 36 manat
ADY-nin məlumatına görə, əlavə reyslərdə standart sinif üzrə biletlər mövcud tariflərlə müqayisədə 30 faizədək ucuz olacaq.
Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq.
Əlavə reyslərə biletlərin satışına oktyabrın 2-dən başlanılacaq.
Bilet almaq istəyən sərnişinlər ADY-nin rəsmi saytı və «ADY Mobile» tətbiqindən istifadə edə biləcəklər.
Onlayn bilet alışı üçün qeydiyyatdan keçmiş istifadəçilər şəxsi kabinetlərini MyGov ID vasitəsilə təsdiqləməlidirlər. Xarici ölkə vətəndaşları isə telefon nömrələrini SMS-lə göndərilən təsdiq kodu vasitəsilə doğrulamalıdırlar.

