Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli dəyişdiriləcək. Əlavə reyslərin istifadəyə verilməsi nəticəsində gündəlik reyslərin sayı 2-dən 4-ə çatdırılacaq.
Bu barədə «Azərbaycan Dəmir Yolları» QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, yeni qrafikə əsasən, sərnişinlər həm gündüz, həm də gecə saatlarında qatarla səyahət edə biləcəklər.
«Əlavə reyslərə biletlər bu gündən – oktyabrın 2-dən satışa çıxarılıb», – deyə ADY-dən qeyd olunub.
Yeni reyslərin tətbiqi nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksələcək.
Bakıdan Tbilisiyə bir istiqamət üzrə minimum bilet qiyməti 54 manat, Gəncədən 41 manat, Yevlaxdan 44 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edəcək.
Biletləri ADY-nin rəsmi saytı və «ADY Mobile» tətbiqi vasitəsilə əldə etmək mümkündür.

