"Aprel ayının sonunadək atəşkəs əldə olunmazsa, Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər..."
ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfər edib və cümə günü Vladimir Putinlə görüşəcək.
Den.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Nəşr Rusiyanın hərbyönümlü "Telegram" kanalları və "Vajnıye istorii" monitorinq xidmətlərinə əsaslanaraq yazır ki, Uitkoffun təyyarəsi Sankt-Peterburqda eniş edib. Kremlin əvvəlki açıqlamasına əsasən, Putin cümə günü regional səfərə çıxacaq, buna görə də görüşün Sankt-Peterburqda baş tutacağı ehtimal edilir.
Uitkoff ABŞ-ın fevralda Rusiya, martda isə Ukrayna nümayəndə heyətləri ilə görüşən nümayəndə heyətinin tərkibində olub. Onun KİV-dəki bəzi açıqlamaları, xüsusilə də Ukraynanın bəzi əraziləri Rusiyaya güzəştə gedə biləcəyi fikri Ukrayna rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb.
Bu, Uitkoff ilə Putinin son iki ay ərzində üçüncü görüşü olacaq. Bundan əvvəl Uitkoff 11 fevral və 13 mart tarixlərində Rusiyaya səfər edib, keçən həftə isə Vaşinqtonda Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə danışıqlar aparıb.
Mart ayının sonunda Tramp Putin atəşkəsin əldə olunmasına mane olsa və sülh razılaşmasını pozsa, Rusiyanın bütün neftinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələyib.
Nəşr xatırladır ki, Tramp Rusiya və Ukrayna arasında müharibədə atəşkəsin əldə olunmasını israrla tələb edir və son həftələrdə danışıqlarda böyük irəliləyişin əldə olunmamasından narazıdır.
"Axios"un məlumatına görə, əgər ayın sonuna qədər atəşkəs əldə olunmazsa, Tramp ya icra hakimiyyəti vasitəsilə, ya da Konqresi yeni sanksiya qanunu qəbul etməyə çağıraraq Rusiyaya qarşı əlavə sanksiyalara keçə bilər.
Rusiya və ABŞ arasında danışıqlar
Aprelin 4-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ artıq həftələr ərzində yox, günlər ərzində Rusiyanın Ukrayna müharibəsini bitirməyə hazır olub-olmadığını biləcək.
ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus isə qeyd edib ki, hazırda ABŞ-ın rusiyalılarla müzakirə etdiyi yeganə məsələ Ukraynada atəşkəsin əldə olunmasıdır. O bildirib ki, əsas hədəf əldə olunmadan başqa məsələlər müzakirə edilməyəcək.
Aprelin 11-də ABŞ və Rusiya diplomatları iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə İstanbulda növbəti diplomatik danışıqlar aparıb.