"Tramp administrasiyası yanvar ayından Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün fəal işləyir..."
Ukrayna və Rusiya üç il davam edən müharibədən sonra "tam atəşkəsə cəmi bir addımlıq məsafədədir".
Den.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus "The Hill" nəşrinə açıqlamasında deyib. Məlumatı "glavred.info" nəşri yayıb.
"Biz tam atəşkəsdən cəmi bir addımlıqdayıq və bundan sonra təkcə bir həftəlik və ya altı aylıq sülh haqqında deyil, Ukrayna, Rusiya və bütün dünyanın etibar edə biləcəyi davamlı sülh haqqında danışa biləcəyik. Bu, Amerikanın nail olmağa kömək etdiyi və hər gün üzərində işlədiyi bir məqsəddir" - Bryus vurğulayıb.
Bundan öncə ABŞ Ukrayna və Rusiyaya daha genişmiqyaslı sülh sazişinə aparan ilk addım kimi enerji obyektlərinə və infrastrukturuna hücumları dayandırmağı təklif edib. ABŞ prezidenti Donald Tramp və Rusiya rəhbəri Vladimir Putin çərşənbə axşamı bir neçə saat davam edən telefon danışığı aparıb, çərşənbə günü isə Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayıb.
Yanvar ayında prezidentlik vəzifəsinə qayıtdıqdan sonra Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün fəal işləyir. Bu müharibə ötən ay üçilliyini qeyd edib. "Biz bu iki tərəf arasında sülhə heç vaxt bu qədər yaxın olmamışdıq", - Bryus əlavə edib.
Nələr baş verib?
Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Tramp telefon danışığı aparıb. Onlar qismən atəşkəs rejiminin "icrası və genişləndirilməsi" üzrə növbəti addımları müzakirə edib, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsini qaldırıb. Həmçinin hərbi əsirlərin azad edilməsi və deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması imkanları müzakirə olunub.
Tramp Zelenskiyə "Ukraynadakı elektrik və atom stansiyalarının idarə edilməsində kömək etməyi" təklif edib. Onun fikrincə, bu, Ukrayna infrastrukturunu qorumağın ən yaxşı yolu olardı.
Bundan bir gün öncə Tramp Putinlə danışıb. Rusiya lideri danışıqlar zamanı Trampa bir sıra şərtlər irəli sürüb. Bunlara Ukraynada səfərbərliyin dayandırılması və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlandırılmasının qarşısının alınması daxildir.
"Bloomberg"-in məlumatına görə, Rusiya liderinin Trampın 30 günlük tam atəşkəs təklifini rədd etməsi Kremlin sülhə mane olduğunu və bunun ABŞ üçün uğursuzluq sayıldığını göstərir.
"The Times" isə yazır ki, Putin Trampa güzəştə getməsə də, Ukraynaya zərbələrin məhdudlaşdırılmasına razı olmaqla ABŞ prezidentinə "simasını qorumaq" imkanı yaradıb.
"Politico"-nun versiyasına görə, Putin vaxt qazanır və SSRİ dövrünün klassik taktikasına uyğun olaraq Trampa qarşı bir tələ hazırlayır.
ABŞ-ın keçmiş kəşfiyyat zabiti Metyu Şumeyker hesab edir ki, Tramp Kremlin "soyuq müharibə dövrünün klassik taktikasını" tətbiq etməsinə şərait yaratmaqla Rusiya liderinin əlinə oynaya bilər.
"Ukrayna və Rusiya heç vaxt sülhə bu qədər yaxın olmayıb" - ABŞ Dövlət Departamenti

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.