Paris prokuroru Lor Bekko bildirib ki, Luvr muzeyindəki oğurluğun dəyəri 88 milyon avro təşkil edir.
Onun sözlərinə görə, bu qiymətləndirmə muzeyin direktoru tərəfindən aparılıb.
Denmedia.az xəbər verir ki, Bekko RTL radiostansiyasına açıqlamasında oğruların qaçırdıqları zinət əşyalarını parçalamayacağına və ya əridib satmayacağına ümid etdiyini deyib.
Xatırladaq ki, bazar günü səhər bir neçə nəfər Luvr qalereyasına daxil olaraq “Fransa tacının inciləri”ni oğurlayıb. Mədəniyyət naziri Rəşidə Dati bildirib ki, səkkiz bənzərsiz mədəni dəyərə malik bəzək əşyası oğurlanıb.
Fransız mətbuatının yazdığına görə, oğrular sadəcə pəncərəni sındırıb, içəri girərək vitrinləri qırıb və seçdikləri eksponatları aparıblar. Qeyd edilir ki, siqnalizasiya yalnız bundan sonra işə düşüb.
Buna baxmayaraq, Dati vurğulayıb ki, Luvrun təhlükəsizlik sistemi düzgün işləyib.
Fransanın prezidenti Emmanuel Makron isə vəd edib ki, oğurlanmış eksponatlar tapılacaq, və “günahkarlar mütləq məhkəmə qarşısında cavab verəcəklər”.