Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Avropa İttifaqına inteqrasiyası məsələsində Macarıstanın baş naziri Viktor Orbandan dəstək istədi. DenMedia.az xəbər verir ki, onun sözlərini The Independent qəzeti yayıb.
“Biz sağ qalmağımız uğrunda döyüşürük və çox istərdik ki, Macarıstanın baş naziri bizi dəstəkləsin və ya heç olmasa qarşı çıxmasın,” — deyə Zelenski bildirib.
Britaniya qəzeti yazır ki, Orban daha əvvəl Aİ-də Ukraynanın suverenliyini inkar etdiyi üçün tənqid olunub.
“Ukrayna müstəqil ölkə deyil. Ukrayna suveren dövlət deyil,” — deyə o, sentyabrda bəyan etmişdi.
4 noyabrda Orban Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməyəcəyini bildirib və bunun əvəzində strateji tərəfdaşlıq qurmağı təklif edib.
Baş nazirin sözlərinə görə, Aİ-yə qəbul qərarları bütün üzv dövlətlərin yekdil razılığı ilə qəbul olunur. Orban qeyd edib ki, Ukraynanın üzvlüyü Avropada müharibəyə və macarların pullarının bu ölkəyə yönləndirilməsinə gətirib çıxara bilər.

