BBC-nin baş direktoru Tim Deyvi istefa verdi — Trampın çıxışının saxtalaşdırılması qalmaqalı Britaniya mediasını silkələdi
The Times yazır ki, Tim Deyvi BBC-də gərgin bir həftədən sonra vəzifəsini tərk edib. Onun istefası ABŞ prezidenti Donald Trampın 2021-ci ildə Kapitoli hücumundan əvvəl etdiyi çıxışın montaj olunaraq yayımlanması ilə bağlı qalmaqaldan sonra baş verib.
Qəzetin məlumatına görə, telekanal Trampın çıxışını elə montaj edib ki, tamaşaçılarda onun iğtişaşları təşviq etdiyi təəssüratı yaranıb. Panorama verilişində yayımlanan materialda Trampın nitqinin əvvəlindəki kadrlar sonrakı hissələrlə birləşdirilib, sanki o, tərəfdarlarını “bütün gücü ilə mübarizəyə” çağırırmış kimi göstərilib.
Əslində isə Tramp “sülh və vətənpərvərliklə səslərini eşitdirmək” ifadəsini işlədib. Amma verilişdə bu sözlərdən sonra Kapitoliyə doğru gedən izdihamın kadrları göstərilib, baxmayaraq ki, həmin görüntülər Trampın çıxışından əvvəl çəkilmişdi.
BBC həmçinin Qəzza sektorundakı hadisələri və gender məsələlərini birtərəfli işıqlandırmaqda da tənqid olunub.
Kapitoli binasındakı iğtişaşlar 2021-ci il yanvarın 6-da Trampın tərəfdarlarının 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etdirmək çağırışları fonunda baş vermişdi. Hücum zamanı Konqres binası bağlanmış, iclas dayandırılmış və Co Baydenin qələbəsinin təsdiqlənməsi müvəqqəti olaraq təxirə salınmışdı.

