Britaniya Yayım Korporasiyası (BBC) ABŞ prezidenti Donald Trampdan Kapitoli basqını ilə bağlı çıxışının sənədli filmdə təhrif edildiyinə görə üzr istəyib. Bu barədə CNN məlumat verib. Jurnalistlərin yazdığına görə, prezidentə şəxsi məktub göndərilib.
Məlumata əsasən, BBC-nin sədri Samir Şah Ağ Evə ayrıca məktub yollayaraq prezident Trampa 2021-ci il 6 yanvar çıxışının montaj edilərək təhrif olunmasına görə həm özünün, həm də korporasiyanın üzrünü çatdırıb.
Şirkət bildirib ki, həmin filmi öz platformalarında yayımlamağı planlaşdırmır. Bununla belə, BBC Trampın 1 milyard dollarlıq böhtan iddiası qaldırması üçün əsas olmadığını düşünür.
BBC-nin baş direktoru Tim Deyvi və icraçı direktoru Debora Terness 9 noyabrda istefa verdiklərini açıqlayıblar. Buna səbəb 2024-cü ildə “Panorama” proqramında Trampın 2021-ci il çıxışının elə montaj edilməsidir ki, guya o, Kapitoliyadakı iğtişaşları dəstəkləyibmiş kimi təəssürat yaranıb.
Bundan sonra mediada məlumat yayılıb ki, BBC Ağ Evin mətbuat hovuzundan çıxarılmaqdan ehtiyat edirdi. Mənbələrdən biri qalmaqalı “təsadüfi səhv yox, qərəz və stereotiplərlə bağlı qəsdli addım” kimi xarakterizə edib.

