Ukrayna üzrə ABŞ prezidentinin xüsusi elçisi Kit Kellog yaxın aylarda postunu tərk etməyə hazırlaşır.
DenMedia.az xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.
The Telegraph yazır:
“Gözlənilir ki, 81 yaşlı general-leytenant Kellog yanvarda xüsusi elçi vəzifəsini tərk edəcək. Bu isə Kiyevin müharibəni özünə sərfəli şərtlərlə bitirmək üçün apardığı diplomatik səylərə ağır zərbə olacaq.”
The Washington Post da administrasiyaya yaxın mənbələrə istinadən bildirir ki, Kellog Tramp administrasiyasını yaxın aylarda tərk edəcək.
Məsələyə yaxın bir şəxs nəşrə deyib:
“Kellog artıq özünü siyasi prosesdən kənarda qalmış kimi hiss etdiyini bildirib.”
Kellogun gedişi Kiyevin Vaşinqtondakı əsas dayaqlarından birini itirməsi deməkdir — bu, həm ABŞ, həm də Ukrayna diplomatiyasında ciddi dəyişikliklərə yol aça bilər.
Qeyd edək ki, Kellogun istefası xəbəri ABŞ və Rusiyanın Ukrayna üzrə yeni sülh planı hazırladığına dair məlumatlardan cəmi bir neçə saat sonra yayılıb.

