ABŞ, prezident Donald Trampın Rusiya–Ukrayna münaqişəsinin həlli üzrə planında müzakirələr zamanı dəyişiklik etməyə hazırdır. Bu barədə Axios portalı mənbəyə istinadən məlumat yayıb.
Amerika ordusunun naziri Dan Driskoll cümə axşamı Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenskiyə planı təqdim edib. Bundan sonra Zelenski Tramp və onun komandası ilə sənədi müzakirə etməyə hazır olduğunu bildirib.
Zelenski qeyd edib ki, bu sənəd ABŞ-ın
“Vizyonudur, amma yekun təklif deyil” və Kiyev öz “qırmızı xətlərini” aydın şəkildə çatdırıb. O vurğulayıb ki, Ukrayna planı “həqiqətən məzmunlu etmək üçün” öz əlavələrini təqdim edəcək.
Mənbənin sözlərinə görə,
“Administrasiya planı tərəflərlə müzakirələrdən sonra dəyişdirilə bilən ‘canlı sənəd’ kimi görür.”
Bildirilib ki, Ukrayna sənəddəki bir çox bəndləri müsbət qarşılayıb və öz mövqelərinin bir qismini irəli sürə bilib.
Ağ Evin yüksək vəzifəli rəsmisi Axios-a deyib ki, ABŞ münaqişəni bitirəcək qərar tapmaq üçün ciddi səylər göstərir. Onun sözlərinə görə, Vaşinqton planı çətin, lakin Kiyev üçün faydalı hesab edir.

