Soçidən Dubaya uçan Rusiya təyyarəsi enişdən əvvəl “distress” – yəni fövqəladə vəziyyət siqnalı verib. Bu barədə “Aviatorщина” Telegram kanalı məlumat yayıb.
Pis hava şəraiti səbəbilə təyyarə Fars körfəzi üzərində 12 dəfə dairə vurmağa məcbur qalıb.
Kanalın qeyd etdiyinə görə, ekipaj Dubaydakı Əl-Məktum hava limanının yaxınlığında hava şəraitinin kəskin pisləşməsi barədə xəbərdarlıq alıb. Təyyarə əvvəlcə Şarcadakı gözləmə zonasına yönləndirilib. Ardınca eniş bir daha təxirə salınıb və Dubay aerodromu tamamilə bağlanıb.
Dispetçerlər pilotlara bildiriblər ki, bu şəraitdə Dubaya eniş üçün “MAY DAY FUEL” — yəni yanacaqla bağlı fövqəladə siqnal vermək tələb olunur. Ekipaj əvvəlcə Əbu-Dabiyə yönləndirilib, daha sonra isə Dohaya eniş planlaşdırılıb.
Lakin başqa ölkəyə uçmaqdan imtina edən ekipaj distress siqnalı verib və bundan sonra təyyarə Dubayda ehtiyat aerodromda uğurla eniş edib.

