Almaniyanın hazırkı hökumətinin miqrasiya siyasətinə etiraz edən bir qrup insan, Almaniya kansleri Fridrix Mersin çıxışını tərk edərək aksiya keçirib. Bu barədə Almaniyanın DPA agentliyi məlumat verib.
Mers Berlində Alman İntegrasiya Fondu tərəfindən təqdim edilən “Talisman” sosial birliyə dəstək mükafatı mərasiminə səhnəyə çıxdığı anda təxminən 30 etirazçı zalı tərk edib.
Etirazçılar irqçilik və diskriminasiyaya qarşı mübarizə aparan şəxslər olub. Onlar geyimlərinə “Biz şəhərlərin simasıyıq” sözləri yazılmış stikerlər yapışdıraraq mərasimə daxil olublar və daha sonra nümayişkaranə şəkildə tədbiri tərk ediblər.
Bu addımla onlar Mersin qeyri-leqal miqrantlar barədə səsləndirdiyi, guya onların Almaniya şəhərlərinin “görünüşünü korladığı” haqda fikirlərinə etiraz ediblər.

