Böyük Britaniya hakimiyyəti 2018-ci ildə Solsberidə baş vermiş hadisə ilə bağlı aparılan istintaqın nəticələrinə əsasən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinə (keçmiş GRU) və bu qurumla əlaqədə olmaqda ittiham olunan daha 11 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edir.
Bu barədə “İnterfaks” Britaniya hökumətinin press-relizinə istinadən xəbər yayıb.
Məlumatda qeyd olunur:
“Rusiya hərbi kəşfiyyat agentliyi olan GRU artıq tam şəkildə Birləşmiş Krallığın sanksiyaları altına düşüb.”
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın Londondakı səfiri Andrey Kelini çağırıb.
2018-ci il 4 mart tarixində Solsberi şəhərində GRU-nun keçmiş əməkdaşı Sergey Skripal və onun qızı Yuliya zəhərlənmişdi. London hadisəyə görə heç bir sübut təqdim etmədən Rusiyanı ittiham etmişdi. Moskva isə bütün ittihamları və iddiaları qəti şəkildə rədd edir.

