ABŞ Senatında Demokrat Partiyasını təmsil edən senatorlar prezident Donald Trampı xaricdə fəaliyyət göstərən təxminən 30 diplomatik missiya rəhbərinin geri çağırılması qərarını ləğv etməyə çağırıblar. Bu barədə Reuters məlumat yayıb.
Qanunvericilər bildiriblər ki, belə bir addım ABŞ-ın xarici siyasətində təhlükəli rəhbərlik boşluğu yaradır və bu vəziyyət Rusiya və Çinə təsir dairələrini genişləndirmək imkanı verə bilər.
Hazırda 100-dən çox ABŞ səfirliyi rəhbərsiz fəaliyyət göstərir və yeni səfirlərin təyinatını gözləyir. Demokrat senatorların Trampa ünvanladıqları məktubda bu vəziyyətin ciddi risklər yaratdığı vurğulanır.
“Yeni səfirlər təyin olunana qədər Çin, Rusiya və digər dövlətlər xarici liderlərlə aktiv təmaslarını davam etdirəcək. ABŞ isə bu ölkələri faktiki olaraq tək buraxmış olacaq”, — deyə məktubda qeyd edilir.
Senatorların fikrincə, yaranmış diplomatik boşluq Vaşinqtonun beynəlxalq mövqelərini zəiflədə, hətta ABŞ-ın milli maraqlarına zərər vura bilər.

