Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı 2026-cı ilin yanvar ayının əvvəlində vəzifəsindən ayrılmağı planlaşdırır. Bu barədə NV informasiya portalı siyasi və diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
“Ehtimal olunur ki, Zalujnı Kiyevə qayıtmaq istəyir. Əgər qərarına təsir edən heç nə baş verməsə, o, bunu gələn ilin 4–5 yanvar tarixlərində elan edə bilər”, — deyə nəşrdə qeyd olunur.
Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinə yaxın mənbələrin bildirdiyinə görə, Valeri Zalujnı bir neçə həftə əvvəl istefa vermək niyyətini artıq açıqlayıb. Bu, onun Kiyevə səfəri zamanı baş verib.
Materialda qeyd olunur ki, həmin görüş zamanı səfir və dövlət başçısı Zalujnının mümkün gələcək təyinatlarını müzakirə ediblər. Söhbət Ukraynanın baş naziri postu və prezident administrasiyasının rəhbərliyindən gedib. Lakin Londondakı diplomatik nümayəndəliyin rəhbəri bu vəzifələrə maraq göstərməyib.
Digər mənbələr isə bildirirlər ki, Valeri Zalujnı Ukraynanın ABŞ-dakı səfiri olmaq və ya 2024-cü ilin fevralında tərk etdiyi ordunun baş komandanı vəzifəsinə qayıtmaq variantlarını da nəzərdən keçirib. Bununla belə, hazırda bu istiqamətdə heç bir yekun qərar qəbul edilməyib.

