Ukraynaya dəstək məqsədilə formalaşdırılan və “istəkli ölkələr koalisiyası” adlandırılan qrupun növbəti görüşü 2026-cı ilin yanvarında Parisdə keçirilə bilər. Bu barədə Bloomberg mənbələrə istinadla məlumat yayıb.
“Ukraynanın təhlükəsizlik zəmanətlərinə həsr olunmuş ‘istəkli ölkələr koalisiyasının’ görüşünün yeni ildə Parisdə baş tutacağı ehtimal olunur. Vladimir Zelenskinin danışıqlarda iştirakı istisna edilmir”, — deyə agentlik qeyd edir.
Xatırladaq ki, bu ilin sentyabrında Paris artıq sözügedən koalisiyanın toplantısına ev sahibliyi edib. Görüş Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun sədrliyi ilə keçirilib. Sammitin yekununda Makron 26 dövlətin atəşkəs razılaşmasından sonra Ukrayna ərazisində “saxlayıcı qüvvələr” yerləşdirməyə hazır olduğunu açıqlayıb.
Bundan əvvəl, 14–15 dekabr tarixlərində Berlində keçirilən danışıqlardan sonra Avropa liderləri Ukraynanın təhlükəsizliyini təmin etmək üçün çoxmillətli qüvvələrin yaradılması niyyətini bəyan ediblər. Bu qüvvələrin Avropanın təşəbbüsü ilə, ABŞ-ın dəstəyi altında və məhz “istəkli ölkələr koalisiyası” çərçivəsində formalaşdırılması planlaşdırılır.

