Nyu-Yorkda ABŞ prezidenti Donald Trampın administrasiyasının siyasətinə qarşı minlərlə insan etiraza çıxıb. Bu barədə TASS məlumat yayıb.
Aksiya iştirakçıları Manhettendə Mərkəzi Parkın yaxınlığında toplaşıb. Daha sonra nümayişçilər Beşinci prospekt boyunca yürüş ediblər. Məhz bu küçədə Trump Tower göydələni yerləşir. Məlumata görə, aksiyalar sakit şəraitdə keçib.
Etirazçılar ABŞ-ın İmmiqrasiya və Gömrük Xidməti (ICE)-nin fəaliyyətinə, Ağ Evin qanunsuz miqrasiyaya qarşı sərt kursuna, eləcə də Vaşinqtonun xarici siyasətinə etiraz ediblər.
Qeyd edək ki, 7 yanvar tarixində Minneapolis şəhərində ICE əməkdaşı avtomobil idarə edən qadına atəş açıb. Müşahidə kamerasının görüntülərində görünür ki, əməkdaşlar yolun ortasında dayanan yolsuzluq avtomobilinə yaxınlaşaraq qapının açılmasını tələb ediblər. Avtomobil hərəkətə başlayan zaman, maşının qarşısında duran ICE əməkdaşı silahını çıxararaq ən azı iki dəfə atəş açıb.
Hadisədən sonra Minneapolis meri Jacob Frey ICE-dən “şəhərdən rədd olub getmələrini” tələb edib. Onun sözlərinə görə, xidmət əməkdaşları baş verəni özünümüdafiə kimi təqdim etməyə çalışır, lakin bu iddia “tamamilə cəfəngiyyatdır”.

