Meksikada minlərlə insanın qatıldığı prezident Klaudiya Şeinbaum əleyhinə etiraz aksiyası kütləvi toqquşmalarla başa çatıb. The Guardian yazır ki, qarşıdurma nəticəsində azı 120 nəfər xəsarət alıb, onların əksəriyyəti polis əməkdaşlarıdır.
Aksiyanın əvvəlcə təşəbbüskarları “z nəsli” (1990-cı illərin ortalarından 2010-cu illərin əvvəlinədək doğulanlar) olsa da, etiraz sonradan daha yaşlı nəsillərin və müxalifət partiyalarının geniş dəstəyini qazanıb.
Meksiko təhlükəsizlik qurumları bildirib ki, uzun saatlar davam edən aksiyada vəziyyət tamamilə dinc olub. Lakin maskalı və qara kapüşonlu naməlum şəxslərin təxribatından sonra gərginlik kəskin artıb.
Nəticədə etirazçılar dəmir baryerləri dağıtmağa başlayıb, polis isə gözyaşardıcı qaz və yanğınsöndürən balonları tətbiq edib.
-
100 polis yaralanıb, onların 40-na xəstəxanada tibbi yardım göstərilib.
-
20 etirazçı da xəsarət alanlar arasındadır.
The Guardian qeyd edir ki, Şeinbaum 2024-cü ilin oktyabrından prezidentdir və əhalinin 70%-nin dəstəyinə malikdir. Lakin ölkədə son aylar bir neçə səs-küylü qətl hadisəsi baş verdiyi üçün ona qarşı narazılıq artır.
Etirazçılar xüsusilə 1 noyabrda qətlə yetirilən Uruapan şəhərinin meri Karlos Alberto Manzo Rodriqesin adını daşıyan plakatlar qaldırıb. Mer narkotik kartellərinə qarşı mübarizə elan etdikdən sonra öldürülmüşdü. Aksiya iştirakçıları hökumətdən ölkədə təhlükəsizliyi təmin etməyi tələb ediblər.

