ABŞ Prezidenti Donald Trumpun Ukrayna üzrə sabiq xüsusi nümayəndəsi Keith Kellog BGR Group konsaltinq şirkətinin Məsləhət Şurasının üzvü olub. Bu barədə şirkətin idarəedici direktoru David Urban X sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Dostum Kit Kellogun BGR Group-da həmkarım olmasından inanılmaz dərəcədə qürur duyuram. O, 58 ildən artıqdır ölkəmizə şərəflə xidmət edib — əvvəlcə döyüşlərdə təltif olunmuş veteran kimi, sonra isə görkəmli dövlət qulluqçusu olaraq”, — deyə Urban yazıb.
Qərb KİV-ləri 2025-ci ilin noyabrında Kellogun 2026-cı ilin yanvarında vəzifəsindən ayrılmağı planlaşdırdığını yazmışdı. Bildirilirdi ki, diplomat özünü siyasi prosesdən kənarda qalmış hiss edir. The Washington Postun qeyd etdiyi kimi, Kellogun gedişi Kiyev üçün Vaşinqtonda əsas müttəfiqlərdən birinin itirilməsi demək olacaq.
1944-cü ildə anadan olan Kit Kellog Vyetnam müharibəsində, Fars körfəzi müharibəsində (1990–1991) və ABŞ-ın Panamaya müdaxiləsində iştirak edib. O, 1967–2003-cü illərdə ABŞ ordusunda xidmət göstərib.
2017-ci ildə Kellog ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti icra edib, 2017–2018-ci illərdə Milli Təhlükəsizlik Şurasının icraçı katibi, 2018–2021-ci illərdə isə ABŞ vitse-prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olub. 2024-cü ilin noyabrında Donald Tramp onu Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə təyin etmişdi.

