ABŞ yaxın perspektivdə bir neçə aylıq fasilədən sonra BMT büdcəsinə öz töhfəsini ödəyəcək. Bu barədə ABŞ-ın dünya təşkilatındakı daimi nümayəndəsi Mayk Uolts Reuters agentliyinə müsahibəsində bildirib.
“Mən qəti şəkildə gözləyirəm ki, BMT büdcəsinə ilk maliyyə köçürməsi çox tezliklə həyata keçiriləcək. Düşünmürəm ki, yekun məbləğlə bağlı qərar artıq qəbul olunub, lakin bu, bir neçə həftə ərzində baş verəcək”, — deyə Mayk Uolts vurğulayıb.
Qeyd olunur ki, Uolts bu açıqlamanı telefon müsahibəsində, BMT-nin baş katibi Antonio Quterreşin xəbərdarlığından iki həftə sonra verib. Quterreş bildirmişdi ki, 193 ölkəni birləşdirən təşkilat ödənilməmiş üzvlük haqları səbəbindən “qaçılmaz maliyyə böhranı” təhlükəsi ilə üz-üzədir. Bu borcun əsas hissəsi isə Vaşinqtonun payına düşür.

