Avropa İttifaqı Rusiyaya qarşı hazırlanmaqda olan 20-ci sanksiya paketi çərçivəsində “Bashneft” şirkətini və Tuapse zavodu da daxil olmaqla səkkiz neft emalı müəssisəsini sanksiya siyahısına salmağı planlaşdırır. Bu barədə Reuters məlumat yayıb. Qərar qüvvəyə minərsə, Avropa biznesinə bu qurumlarla əməkdaşlıq qadağan ediləcək.
Məlumata görə, Aİ ilk dəfə olaraq üçüncü ölkələrin limanlarına qarşı da sanksiyalar tətbiq etməyi nəzərdən keçirir. Eyni zamanda 42 tanker “qara siyahı”ya salına bilər. İddialara əsasən, Gürcüstandakı Kulevi terminalı və İndoneziyanın Karimon limanı Rusiyaya məxsus neft əməliyyatlarında iştirak etdiklərinə görə məhdudiyyətlərlə üzləşə bilər.
Avropa Komissiyasının sədri Ursula von der Leyen isə bildirib ki, yeni paket Rusiya neftinin daşınmasına tam xidmət qadağasını da ehtiva edəcək. Brüssel bu addımı “Böyük Yeddilik” (G7) üzrə tərəfdaşlarla koordinasiya əsasında atmağı planlaşdırır.

