Ukraynanın keçmiş energetika naziri və sabiq ədliyyə rəhbəri Herman Qaluşenko maliyyə maxinasiyalarında ittiham olunur və onu 7 ildən 12 ilədək həbs cəzası gözləyə bilər. Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, Qaluşenko barəsində əmlakın müsadirəsi ilə birlikdə azadlıqdan məhrumetmə cəzası tələb olunur.
Məlumata görə, Qaluşenkonun həyat yoldaşı və övladları xaricdə yaşayır. O isə hərbi vəziyyət tətbiq edildikdən sonra ölkəni 58 dəfə tərk edib.
Ukraynanın İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu isə sabiq nazir barəsində 9,86 milyon dollar məbləğində girov tələb etməyi planlaşdırır.
Qaluşenko fevralın 15-nə keçən gecə saxlanılıb. O, Kiyevdən Varşavaya gedən qatardan endirilib.
Fevralın 16-da sabiq nazirə qarşı çirkli pulların yuyulması və cinayətkar təşkilatda iştirak ittihamları irəli sürülüb. İstintaq hesab edir ki, Qaluşenko iş adamı Timur Mindichin qrupu ilə birlikdə “Enerqoatom” şirkətindən 112 milyon dolların çıxarılmasına yardım edib. Bunun müqabilində isə təxminən 12 milyon dollar əldə edib.

