ABŞ prezidenti Donald Tramp “Amerikanın xilası haqqında” yeni qanun təşəbbüsünü açıqlayıb.
O, bu barədə Truth Social sosial şəbəkəsində yazıb.
Məlumata görə, təqdim olunan qanun layihəsi seçki sistemi və sosial sahə ilə bağlı bir sıra məhdudiyyətləri nəzərdə tutur.
Sənədə əsasən, bütün seçicilər səsvermə məntəqələrində ABŞ vətəndaşlığını təsdiqləyən şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.
Həmçinin poçt vasitəsilə səsvermənin demək olar ki, tam qadağan edilməsi təklif olunur. İstisna hallara xəstəlik, əlillik, ezamiyyət və ya hərbi xidmət daxildir.
Qanun layihəsində həmçinin kişilərin qadın idman növlərində yarışlara buraxılmasının qadağan edilməsi nəzərdə tutulur.
Bundan başqa, uşaqlar arasında cinsiyyət dəyişdirmə əməliyyatlarının yalnız valideynlərin yazılı razılığı ilə aparılması təklif edilir.

