Fransanın Milli Assambleyası (parlamentin aşağı palatası) 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu barədə TASS məlumat yayıb.
Sənədi 130 deputat dəstəkləyib, 21 deputat isə əleyhinə səs verib.
Qanun layihəsinin tərəfdarı olan Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkəsindəki paylaşımında Milli Assambleyanın qərarını alqışlayaraq, səsvermənin nəticəsini “vacib mərhələ” adlandırıb.
Fransa liderinin təşəbbüsü ilə hökumət sənədin sürətləndirilmiş baxılma proseduruna start verib. Qanun layihəsi növbəti mərhələdə Senatda (parlamentin yuxarı palatasında) yalnız bir oxunuşda müzakirə olunacaq. Daha sonra deputatlar və senatorlardan ibarət razılaşdırıcı komissiya vahid mətn hazırlayacaq və sənəd hər iki palatada yekun səsverməyə çıxarılacaq.
Layihə, eyni zamanda, yuxarı sinif şagirdləri üçün smartfonlardan istifadənin qadağan edilməsini də nəzərdə tutur. Emmanuel Makron daha əvvəl bəyan edib ki, qanunun yeni tədris ili başlamazdan əvvəl qəbul olunmasına çalışacaq.

