Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək fikrindən vaz keçdiyini bildirib.
O, Fransanın Eks-an-Provans şəhərində keçirilən Eks-an-Provans İqtisadi Forumu çərçivəsində təşkil olunan “Bir dünya, bir neçə baxış: kim öz baxışını diktə edir?” adlı paneldə çıxış edib.
Nilsen bildirib ki, Qrenlandiya strateji bölgədə yerləşdiyi üçün son iki ildə ciddi təzyiqlərlə üzləşib. Onun sözlərinə görə, bu təzyiqlər “qəbuledilməzdir”.
Baş nazir qeyd edib ki, üç gün əvvəl ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi onlara Trampın Qrenlandiyanı ilhaq etmək fikrindən vaz keçdiyini deyib. Bununla belə, Nilsen təzyiqin hələ də davam etdiyini vurğulayıb.
O, Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququndan imtina etməyəcəyini bildirib:
“Qrenlandiya heç vaxt öz müqəddəratını təyin etmək hüququndan vaz keçməyəcək, prinsiplərimizdən imtina etməyəcəyik və biz satılıq deyilik”.
Nilsen həmçinin Qrenlandiyanın Avropa İttifaqı, Fransa, Danimarka, NATO və Skandinaviya ölkələri ilə tərəfdaşlığı gücləndirmək istədiyini deyib. Onun sözlərinə görə, Qrenlandiya mədənçilik sahəsində Avropa ölkələrinin Çindən asılılığını azaltmağa kömək edə bilər.
Fransanın xarici işlər naziri Jan-Noel Barro isə Qrenlandiya xalqının Avropanı və NATO-nu seçdiyini bildirib. O vurğulayıb ki, Qrenlandiya “satılıq deyil və ələ keçirilə biləcək ərazi deyil”.

