Fransanın keçmiş prezidenti Şarl de Qollun nəvəsi Pyer de Qoll ailəsi ilə birlikdə Rusiyaya köçmək və gələcəkdə Rusiya vətəndaşlığı almaq niyyətində olduğunu bildirib.
Bu barədə TASS məlumat yayıb.
Pyer de Qollun sözlərinə görə, hazırda ailəsi Rusiyaya xarici vətəndaş kimi səfər edir, lakin uzunmüddətli perspektivdə bu ölkəyə tam köçmək imkanını nəzərdən keçirir.

“Bəli, məhz belədir. Hələlik biz tam köçməmişik, ölkənizə xarici vətəndaşlar kimi səfər edirik. Amma bunu uzunmüddətli perspektivdə nəzərdən keçiririk. İstərdim ki, zamanla şərait bizə Rusiya pasportu almağa imkan versin. Bu, böyük şərəf olardı. Rusiya böyük ölkədir”, — deyə o bildirib.
Pyer de Qoll Rusiyaya böyük hörmətlə yanaşdığını da qeyd edib.
Onun sözlərinə görə, ailəsi köçmək məsələsini uşaqlarına daha yaxşı təhsil vermək istəyi ilə də əlaqələndirir.
“Doğrusu, ölkənizə böyük heyranlıq duyuram. Həyat yoldaşımla birlikdə uşaqlarımıza daha yaxşı təhsil vermək istəyirik və bu da ailəmizin Rusiyaya köçməsini nəzərdə tutur”, — deyə Pyer de Qoll bildirib.

