Panama kanalından istifadə üçün keçirilən gündəlik hərraclarda qiymətlər rekord səviyyəyə yüksəlib.
Financial Times yazır ki, bu ay kanalın ən çox istifadə olunan şlüzlərindən keçid hüququ üçün keçirilən gündəlik hərracların orta qiyməti təxminən 1,1 milyon dollara çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfədən çox yüksəkdir.
Qiymət artımının əsas səbəblərindən biri El-Ninyo səbəbindən su səviyyəsinin azalması, digəri isə ABŞ və İran arasındakı münaqişə fonunda Hörmüz boğazının bağlanması nəticəsində alternativ marşrutlara tələbatın artmasıdır.
Nəşrin məlumatına görə, son həftələrdə Panama kanalının iri şlüzlərindən istifadə üçün orta qiymət bəzi hallarda 2,5 milyon dollara qədər yüksəlib. 28 iyuldan etibarən Neopanamax və Panamax şlüzləri üzrə ayrı-ayrı hərraclarda qiymətlər müvafiq olaraq 3,78 milyon və 2,63 milyon dollara çatıb.
Eyni zamanda kanaldan keçmək üçün növbə gözləyən gəmilərin sayı da kəskin artıb. Belə ki, 2 yanvarda növbədə 40 gəmi olduğu halda, 3 avqustda bu rəqəm təxminən 113-ə yüksəlib.

