Mikelancelonun indiyədək məlum olmayan rəsmi Christie’s hərrac evində 27,2 milyon dollara satılaraq sənətçi üçün açıq hərraclarda yeni qiymət rekordu müəyyənləşdirib. Bu barədə Christie’s-in mətbuat xidməti məlumat yayıb.
Christie’s-in bildirdiyinə görə, rəsmin sahibi onun görüntüsünü ilkin qiymətləndirmə üçün onlayn portal vasitəsilə hərrac evinə göndərib. Auksion mütəxəssisi işi Mikelancelonun Vatikanda yerləşən Sistina Kapellasının tavanındakı əsas fiqurlardan biri olan Libiyalı Sibilin sağ ayağına aid eskiz kimi identifikasiya edib. Rəsm qırmızı mel ilə işlənib və 1511–1512-ci illərə — Mikelancelonun tavan rəsmlərinin ikinci mərhələsi üzərində çalışdığı dövrə aiddir.
Christie’s qeyd edib ki, bu əsər indiyədək qeydə alınmamış və Sistina Kapellasının rəsmlərinə aid olub açıq hərraca çıxarılan yeganə eskizdir. Eyni zamanda, bu iş Mikelancelonun hazırda şəxsi kolleksiyalarda saxlanılan təxminən on tanınmış rəsmi arasında yer alır.
Hərracdan əvvəl rəsmin qiyməti 1,5–2 milyon dollar aralığında qiymətləndirilsə də, kolleksiyaçılar arasında maraq gözləniləndən xeyli yüksək olub.
Lot köhnə ustaların rəsmləri və Britaniya rəssamlığına həsr olunmuş Christie’s hərracının tərkib hissəsi olub. Bu hərracda həmçinin Rembrandt, Tisian və Uilyam Bleykin əsərləri də satışa çıxarılıb.

