ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin NATO ərazisinə hücum edəcəyinə inanmadığını bildirib.
Türkiyənin “Haberler” nəşrinin məlumatına görə, Tramp Oval Ofisdə prezident fərmanlarının imzalanması mərasimindən sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Rusiyanın NATO ərazisinə mümkün hücumu ilə bağlı müzakirələrə toxunan Tramp Moskvanın belə bir addım atacağını düşünmədiyini deyib.
“Onunla [Putinlə] məhsuldar görüşlər keçirmişəm. NATO ərazisinə hücum etməyəcək”, – Tramp bildirib.
ABŞ Prezidenti Rusiya ilə İran arasında nüvə proqramı ilə bağlı keçirildiyi bildirilən son danışıqları da şərh edib. Tramp bu məsələyə görə Moskvaya sanksiyaların tətbiq edilə biləcəyini istisna etməyib və qərarın vəziyyətdən asılı olacağını söyləyib.
Çin banklarının İranla yaxın əlaqələrinə baxmayaraq ABŞ-ın onlara niyə sanksiya tətbiq etmədiyi barədə suala isə Tramp belə cavab verib:
“Tətbiq etmədiyimi haradan bilirsiniz? Etdiyim hər şeyi sizə açıqlamaq məcburiyyətindəyəm?”
Bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya gizli səfər etdiyi və səfər zamanı Moskvanın NATO üzvlərinə və Baltikyanı ölkələrə hücumdan çəkinməsi barədə xəbərdar edildiyi iddia olunmuşdu.
The Wall Street Journal ABŞ rəsmilərinə istinadən yazmışdı ki, səfər Putinin yaxın bir neçə il ərzində NATO-nun qətiyyətini sınamaq məqsədilə alyans üzvü olan ölkələrdən birinə hücum edə biləcəyinə dair ABŞ kəşfiyyatının qiymətləndirmələrindən sonra baş tutub.

