ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin Rusiya-Ukrayna müharibəsi və İranla aparılan danışıqlarla bağlı suallarını cavablandırıb.
Rusiya ilə Ukrayna arasındakı müharibənin gedişi barədə suala cavab verən Tramp bildirib ki, məsələ NATO çərçivəsində müzakirə olunacaq.
“NATO-ya gedəcəyik, bu məsələni müzakirə edəcəyik və düşünürəm ki, buna nail olacağıq”, — deyə ABŞ lideri bildirib.
Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində irəliləyiş olduğunu qeyd edib.
“Ukraynadakı müharibəni sona çatdırmağa çox yaxın olduğumuzu düşünürəm. Həm Rusiya, həm də Ukrayna liderləri razılaşma əldə etmək istəyirlər”, — deyə o vurğulayıb.
ABŞ Prezidenti həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin bu müharibənin artıq başa çatmasını istədiyini bildirib.
Tramp Rusiya-Ukrayna müharibəsində ön plana çıxan pilotsuz uçuş aparatları texnologiyasına da toxunub. Onun sözlərinə görə, dronların müharibədə bu qədər mühüm amilə çevriləcəyini əvvəllər çox az adam təsəvvür edə bilərdi.
“Kim düşünərdi ki, dronlar bu qədər böyük faktora çevriləcək? Onlar öldürmə maşınlarıdır. Bu, inanılmazdır. Ağacın arxasında gizlənirsən, o isə gəlib səni tapır. Mən görmək istəmədiyim səhnələr görmüşəm və sizin də bunları görməyinizi istəmirəm”, — deyə Tramp qeyd edib.

