Nyu-York sakininin özü üçün kiçik hesab etdiyi xeyirxah addım yanğın nəticəsində hər şeyini itirən üç uşaq anasının həyatını tamamilə dəyişib.
Bronks sakini Nina Çembersin mənzili yanğın nəticəsində yararsız hala düşüb. Evdə onun və üç uşağının ehtiyac duyduğu bütün əşyalar olub. Ailə evsiz qalaraq müvəqqəti olaraq oteldə yerləşməyə məcbur olub.
Nina televiziya müsahibəsində oteldə qalmaq və ən zəruri əşyaları yenidən almaq üçün çəkilən xərclərin bank hesabındakı vəsaiti sürətlə tükətdiyini danışıb. Bir müddət sonra bankdan hesabında artıq xərc yarandığına dair bildiriş alıb və son dərəcə çətin vəziyyətə düşüb.
Qadının hekayəsini Lonq-Aylend sakini Skott Evans görüb və ona kömək etmək qərarına gəlib.
“Bu, həqiqətən nəsə edə biləcəyim bir vəziyyət idi. Belə bir imkanım olduğu üçün şanslıyam. İpotekamız və avtomobil ödənişimiz yoxdur”, – o bildirib.
Skott əvvəlcə bank vasitəsilə birbaşa Ninanın hesabına pul yatırmağa çalışıb. Lakin bankın qaydalarına görə bunun mümkün olmadığı bildirilib. Bundan sonra o, qadının hekayəsini işıqlandıran jurnalistlə əlaqə saxlayaraq Nina ilə əlaqə yarada bilib.
Skott demək olar ki, bütün yığımını – 3000 dolları qadına verib. Bu pul Nina və uşaqlarına yanğından sonrakı ən çətin ilk həftələri geridə qoymağa kömək edib.
Cəmi iki ay sonra Ninanın həyatı tədricən qaydasına düşməyə başlayıb. O, sosial işlə bağlı ixtisas üzrə təhsil ala bilib, yeni mənzil tapıb və uşaqları ilə birlikdə yenidən ev sahibi olub.
“Bu, əvəzsizdir. Hər gün heç bir qarşılıq gözləmədən belə şeylər edən insanlarla rastlaşmırsan. Bu, çox nadir haldır”, – Nina Çembers deyib.




