Almaniya kansleri Fridrix Mertsin regional seçkilərdən sonra partiyasının ölkədə hakimiyyəti itirə biləcəyindən ehtiyat etdiyi iddia olunur.
Bu fikri Bavariya parlamentində “Almaniya üçün Alternativ” (AfD) fraksiyasının rəhbərlərindən Ulrix Zinger “Milli Xəbərlər Xidməti”nə (NSN) açıqlamasında səsləndirib.
Zingerin sözlərinə görə, əgər AfD ilk dəfə regional hökumət formalaşdırsa və seçicilər bunun xaosa gətirib çıxarmadığını görsələr, bu, ölkə üzrə “domino effekti” yarada bilər.
“İllərdir deyilirdi ki, AfD idarə etməyə qadir deyil. Uğurlu hökumət bu arqumenti dağıdacaq”, – siyasətçi bildirib.
O, partiyasının Almaniyanın maraqlarını əsas götürdüyünü, eskalasiya əvəzinə diplomatiyanı və Almaniya iqtisadiyyatına və vətəndaşlara ciddi zərər vurduğunu hesab etdikləri sanksiyaların ləğvini müdafiə etdiyini deyib.
Zinger əlavə edib ki, xüsusilə seçkilər ərəfəsində hökumət üçün bu mövqeni “Rusiyayönlü” kimi təqdim etmək sərfəlidir.

