Almaniyada Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) fraksiyasının sədri Torsten Fray kansler Fridrix Mersin vəzifəsini vaxtından əvvəl tərk edə biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Funke media qrupuna müsahibəsində Fray bildirib ki, Fridrix Mers Almaniyanın seçilmiş hökumət başçısıdır və qanunvericilik müddətinin sonunadək kansler postunda qalacaq.
Onun sözlərinə görə, kanslerin nüfuzuna heç bir zərər dəyməyib.
Bununla belə, bəzi ekspertlər hesab edirlər ki, CDU Berlin, Meklenburq–Ön Pomeraniya və Saksoniya-Anhalt əyalətlərində keçiriləcək regional seçkilərdə zəif nəticə göstərərsə, Mersə qarşı narazılıq arta bilər.
Hətta partiya daxilində onun vaxtından əvvəl istefası ilə bağlı çağırışların səslənə biləcəyi də istisna edilmir.
Torsten Fray özü də etiraf edib ki, sentyabrda keçiriləcək əyalət seçkilərinin nəticələri hakim koalisiyanın fəaliyyətinə təsir göstərə bilər. Onun sözlərinə görə, seçkilər hökumət üçün “fəlakət” yaratmasa da, Berlindəki siyasi proseslərə müəyyən təsir edəcək.

