Almaniya kansleri Fridrix Merts sələfi Angela Merkelin məşhur “biz bunun öhdəsindən gələcəyik” ifadəsini təkrarlayıb, lakin onu başqa kontekstdə işlədib. O, bu sözləri ölkədə gözlənilən islahatları anons edərkən səsləndirib.
Merts Meklenburq-Ön Pomeraniyada keçirilən XDİ qurultayında bildirib:
“Biz bunun öhdəsindən gələcəyik, bunun öhdəsindən gələ bilərik, əgər birlikdə dayansaq və yenidən özümüzə inansaq”.
Onun sözlərinə görə, dəyişikliklər utopiya deyil, “sabahın reallığıdır” və Almaniyanın qlobal rəqabət qabiliyyətini qoruması üçün zəruridir. Merts islahatların uğurunu sabitliyin əsas şərti adlandırıb. O xəbərdarlıq edib ki, əks halda sentyabrda keçiriləcək regional seçkilərdə siyasi “böyük partlayış” baş verə və sağçı müxalifət partiyası “Almaniya üçün Alternativ” qalib gələ bilər.
Merkel bu şüarı 2015-ci ildə qaçqın böhranı zamanı səsləndirmişdi. Lakin sonradan o, bu sözlərinə görə uzun müddət tənqid olunmuşdu. Narazılar arasında XDİ-nin sağ qanadı və Mertsin özü də var idi.

