ABŞ Sikkəxanası ölkə Prezidenti Donald Trampın təsvirinin yer aldığı 1 dollar nominalında xatirə sikkəsi buraxıb.
Qurumun məlumatına görə, sikkələr ABŞ-nin 2026-cı ildə qeyd etdiyi müstəqilliyinin 250 illiyi münasibətilə Pensilvaniya ştatının Filadelfiya şəhərində zərb edilib.
Xatirə sikkələrini 25 və ya 100 ədəddən ibarət dəstlər şəklində almaq mümkün olacaq. Satış ABŞ-nin Şərq sahili vaxtı ilə günorta saatlarında, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Sikkənin ön tərəfində Donald Trampın portreti, arxa tərəfində isə ABŞ prezidentinin rəsmi möhürü yerləşdirilib.
Yubiley seriyasına həmçinin məhz iyulun 4-də – ABŞ-nin Müstəqillik Günündə zərb edilmiş 250 min sikkə daxil edilib. Həmin sikkələrin üzərində onların zərb olunduğu tarixi göstərən xüsusi işarə yer alıb.
Xatirə sikkələrinin buraxılması ABŞ-də uzun illərdir davam edən ənənədir.
Tarixdə ən böyük tirajlardan biri Azadlıq heykəlinə həsr olunmuş sikkəyə məxsusdur. 1986-cı ildə buraxılan həmin sikkədən təxminən 15,5 milyon ədəd satılıb.
Corc Vaşinqtonun anadan olmasının 250 illiyi, 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunları və ABŞ Konstitusiyasının 200 illiyi münasibətilə buraxılan sikkələr də böyük maraq görüb.

